TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNDAN MACARISTANDA TARİXİ ADDIM: ƏMƏKDAŞLIQ ÜZRƏ YENİ MƏRHƏLƏNİN BAŞLANĞICI
Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) Macarıstanda yerləşən ortaq mədəni irs nümunələrinin qorunması, rəqəmsal mühitə köçürülməsi və beynəlxalq səviyyədə tanıdılması məqsədilə geniş tərkibli işgüzar səfər həyata keçirib. 3–6 fevral 2026-cı il tarixlərini əhatə edən səfər çərçivəsində Budapeştdən Szigetvára qədər uzanan marşrut üzrə yüksək səviyyəli diplomatik görüşlər, eləcə də abidələrdə yerində texniki baxışlar təşkil olunub.
Fondun Layihə rəhbəri Nuri Aksunun sədrliyi ilə səfərdə iştirak edən, Evren Rutbil (IICAS), Osman Özsoy (Türk Dünyası Fondu) və memarlıq üzrə mütəxəssis Hasan Fevzi Çüğəndən ibarət nümayəndə heyəti ilk olaraq Türkiyə Respublikasının Budapeştdəki fövqəladə və səlahiyyətli səfiri Gülşən Karanis Ekşioğlu ilə görüşüb. Görüşdə Fondun Macarıstanda nəzərdə tutulan layihələri təqdim edilib, Səfirliyin dəstəyi ilə həyata keçirilə biləcək akademik və rəqəmsal əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmin gün nümayəndə heyəti Gül Baba Fonduna da səfər edərək Fondun müavin direktoru cənab Gábor Pálfi ilə görüş keçirib. Görüş zamanı Gül Baba Türbəsi və Özicəli Hacı İbrahim məscidi üzrə skanlama və vizuallaşdırma işlərinin aparılması üçün may ayının daha münasib olduğu bildirilib, fotoqrammetriya və dron çəkilişləri ilə bağlı rəsmi icazə mexanizmləri və texniki detallara dair məsələlər nəzərdən keçirilib.
Səfərin ikinci günündə Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyində Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə dövlət katibi xanım Anita Kiss-Hegyi ilə görüş keçirilib. Görüş zamanı birgə sərgi layihələrinin hazırlanması, eləcə də rəqəmsal irsə dair məlumat bazalarına əlçatanlığın təmin edilməsi məsələləri üzrə razılaşmalar əldə olunub. Ardınca nümayəndə heyəti Macarıstan Milli Muzeyində təşkil olunmuş “Atilla” sərgisi ilə tanış olaraq Orta Asiya və Hun tarixinin muzeyçilik baxımından təqdimatı ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi aparıb. Daha sonra Eszterqoma yollanan TMİF nümayəndələri hazırda muzey kimi fəaliyyət göstərən Özicəli Hacı İbrahim məscidinə və tarixi Estergon qalasına yerində baxış keçirərək, bu abidələrdə tətbiq olunan bərpa və ekspozisiya yanaşmalarını dəyərləndiriblər.
Səfərin üçüncü günü Macarıstanın müxtəlif şəhərlərində mövcud olan türk irsi nümunələrinin araşdırılmasına həsr olunub. TMİF heyəti Macarıstanın Nəqliyyat və Tikinti Nazirliyində Abidələrin və Mədəni İrsin Qorunması üzrə dövlət katibinin müavini xanım Krisztina Deák və onun komandası ilə görüş keçirib. Görüşlərdə üçölçülü skanlama layihələri, milli irs qeydiyyat sistemləri və e-miras platforması müzakirə edilib, həmçinin Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq fəaliyyətləri ətraflı təqdim olunub.
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində Təhsil, Təqaüd Proqramları, Mədəniyyət və Elm Diplomatiyası üzrə dövlət katibinin müavini cənab Ádám Szűcs ilə keçirilən yüksək səviyyəli görüşlərdə Mohaç Meydan Müharibəsinin 500 illiyi ilə bağlı tədbirlər və mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi strateji əhəmiyyətli layihələr müzakirə edilib.
Heyət Érd şəhərində yerləşən Hamza bəy məscidinin minarəsini ziyarət edərək bələdiyyə sədri doktor László Csőzik ilə görüşüb. Abidənin rəqəmsal sənədləşdirilməsi və ətraf ərazinin mədəni və rekreasiya zonası kimi yenidən təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
TMİF nümayəndə heyəti Székesfehérvár şəhərində yerləşən Osmanlı hamamının qalıqlarına yerində baxış keçirərək bələdiyyə sədrinin müavini cənab Zsolt Lehrner ilə birlikdə abidənin mövcud vəziyyətini və qorunma imkanlarını müzakirə edib. Səfər çərçivəsində Pécs şəhərində İdris Baba Türbəsi, Yakovalı Hasan Paşa və Kasım Paşa məscidləri, həmçinin Osmanlı dövrünə aid hamam qalıqları da ziyarət olunub. Bununla yanaşı, Milli İrsin Qorunması və İnkişafı üzrə Qeyri-kommersiya Cəmiyyətinin nümayəndələri tərəfindən mədəni irsin mühafizəsi və idarə olunması sahəsində görülən işlərə dair ətraflı təqdimat verilib.
Səfər çərçivəsində Szigetvár şəhərində Əli Paşa məscidi, Sultan Süleyman məscidi və Qanuni Sultan Süleymanın türbəsinin yerləşdiyi qazıntı sahəsinə baxış keçirilib, həmçinin Türk–Macar Dostluq Parkı və Türk Evi Muzeyi ziyarət olunub. Proqramın sonunda Budapeştdə TİKA-nın koordinatoru cənab Fatih Yoldaş ilə yekun qiymətləndirmə görüşü təşkil edilib və Macarıstanda türk irsinin rəqəmsal sənədləşdirilməsinə yönəlmiş mümkün birgə layihələr ətrafında müzakirələr aparılıb.