Prezident

Prezident

Raimkulova Aktotı Rahmetulla qızı

Bəstəkar, sənətşünaslıq üzrə elmlər doktoru, dövlət idarəçiliyi və beynəlxalq inkişaf üzrə elmlər doktoru, fəlsəfə üzrə elmlər doktoru, Qazaxıstan Prezidenti yanında Ali Attestasiya Komissiyasının professoru, Qazaxıstan Respublikası Elmlər Akademiyasının fəxri üzvü, Qazaxıstanın Əməkdar xadimi

  

Raimkulova Aktotı Rahmetulla qızı 2 may 1964-cü ildə Alma-Ata şəhərində anadan olub. Atası, yazıçı Raimkulov Rahmetulla, anası isə filoloq Raimkulova-Şaşkina Makiza Dairbay qızıdır.

1987-ci ildə Kurmanqazı adına Qazax Milli Konservatoriyasının Tarix və Nəzəriyyə fakültəsini “Bəstəkarlıq” və “Fortepiano” ixtisasları üzrə bitirib. 1994-cü ildə həmin konservatoriyada “Bəstəkarlıq” ixtisası üzrə assistent təcrübəsini tamamlayıb. 2006-cı ildə Beynəlxalq Biznes Akademiyasında MBA dərəcəsi alıb. 2010-cu ildə Rusiya Federasiyası Prezidentinin yanında Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasında dövlət idarəçiliyi və beynəlxalq inkişaf üzrə fəlsəfə doktoru dərəcəsi müdafiə edib. 2018-ci ildə Bolqarıstanın Panço Vladigerov adına Milli Musiqi Akademiyasında “İncəsənət elmləri” üzrə doktorluq dissertasiyası müdafiə edib.

Aktotı Raimkulova – bəstəkar, sənətşünaslıq üzrə elmlər doktoru, dövlət idarəçiliyi və beynəlxalq inkişaf üzrə elmlər doktoru, fəlsəfə elmləri doktoru, Qazaxıstan Prezidenti yanında Ali Attestasiya Komissiyasının professoru, Qazaxıstan Milli Elmlər Akademiyasının fəxri üzvü, Qazaxıstanın Əməkdar Xadimidir.

1988-ci ildən Kurmanqazı adına Qazax Milli Konservatoriyasında konsertmeyster və müəllim kimi fəaliyyət göstərib.
2001-ci ildən həmin konservatoriyanın prorektoru və kafedra müdiri vəzifəsində çalışıb.
2014-cü ildən Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyində Mədəniyyət və İncəsənət şöbəsinin müdiri, 3 oktyabr 2016-cı ildən isə Mədəniyyət və İdman nazirinin müavini vəzifəsini icra edib. 2019–2022-ci illərdə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Naziri olub.

6 aprel 2022-ci ildən Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyinin Mədəniyyət Komitəsi nəzdində Roza Baqlanova adına “Qazaxkonsert” Dövlət Konsert Təşkilatının direktoru vəzifəsində çalışıb.
3 noyabr 2023-cü ildə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının X Zirvə toplantısında Türk dövlətlərinin liderlərinin qərarı ilə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunub.

Aktotı Raimkulova 2010-cu ildə “Qazaxıstanın Əməkdar Xadimi” fəxri adına layiq görülüb. O, həmçinin “Kurmet” dövlət ordeni (2018), “Qazaxıstan Xalq Assambleyasının 20 illiyi” (2015), “Qazaxıstan Respublikasının Müstəqilliyinin 25 illiyi” (2016), “Astana – 20 il” (2018), “Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi” (2021) və digər orden və medallarla təltif edilib.

O, 25-dən çox elmi əsərin, monoqrafiyanın, “Aspankoşi” (“Аспанкөші”), “Zamanın səsləri” (“Sounds of Time”), “Kozı-Körpeş – Bayan-Sulu” (“Қозы Көрпеш – Баян Сұлу”) baletlərinin, “Dala sırı” (“Дала сыры”), “Tolgau” (“Толғау”), “Cəmilə” (“Жәмиля”), “Tarlan” (“Тарлан”), “Asar” (“Асар”) vokal-simfonik kantatalarının, “Ejelgi Turan” (“Ежелгі Туран”) simfoniettasının, 20-dən artıq dram tamaşasının musiqisinin, Qazaxıstan və Türkiyənin birgə layihəsi olan “Astana – mənim məhəbbətim” (“Astana – махаббатым менің”) teleserialının, “Mələyə məktublar” (“Періштеге хаттар”) və digər animasiya filmlərinin saundtreklərinin, ümumilikdə isə 300-dən çox musiqi əsərinin müəllifidir. Bundan əlavə, o, KİV-də bir sıra məqalələrin də müəllifidir.

Sabiq Prezident

Günay Əfəndiyeva Elçin qızı

Türk Mədəniyyəti və İrsi Fondunun ilk Prezidenti, Səfir

 

Günay xanım Əfəndiyeva 2004–2008-ci illərdə Azərbaycan Respublikasının İstanbul Başkonsolosluğunda vitse–konsul, konsul vəzifələrində, 2009–2015-ci illərdə isə Azərbaycan Respublikasının YUNESKO yanında Milli Komissiyasının Baş katibi vəzifəsində çalışmışdır. Bu dövrdə o, müxtəlif mədəniyyətlər və dinlər arasında əməkdaşlığın möhkəmləndirilməsi, xalqlar arasında körpülərin qurulması məqsədilə bir sıra genişmiqyaslı mədəni, təhsil və elmi layihələrin həyata keçirilməsinə rəhbərlik etmişdir.

2015-ci ilin sentyabr ayında Astanada keçirilmiş Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) Dövlət Başçılarının 5-ci Zirvə toplantısında qəbul olunmuş qərara əsasən, o, Türk Mədəniyyəti və İrsi Fondunun ilk Prezidenti təyin edilmişdir və bu vəzifəni 2023-cü ilin noyabr ayınadək icra etmişdir.

Fondun Prezidenti kimi (2015–2023) G.Əfəndiyeva bir sıra mühüm beynəlxalq tədbirlərdə iştirak və çıxışlar etmişdir. Bunlara Türk Dövlətləri Təşkilatının 5–10-cu Zirvə toplantıları və Xarici İşlər Nazirlərinin iclasları, 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (burada Fond “Mədəniyyətlərin və sivilizasiyaların qovşağında türk irsi” mövzusunda dəyirmi masa təşkil etmişdir), 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (burada Fond “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” mövzusunda dəyirmi masa təşkil etmişdir), 6-cı Qlobal Forum, 5-ci və 6-cı Bakı Beynəlxalq Humanitar Forumları, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının 12-ci sessiyası, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, TÜRKSOY üzv ölkələrinin UNESCO üzrə Milli Komissiyalarının və Komitələrinin görüşləri, “Asiyanın qəlbi” – İstanbul Prosesi 7-ci Nazirlər Konfransı, Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə Toplantısı, Qoşulmama Hərəkatının Nazirlər Konfransı, “Qoşulmama Hərəkatı: Yeni çağırışlarla mübarizədə birlik və qətiyyət” mövzusunda Koordinasiya Bürosunun Nazirlər Görüşü, Antalya Diplomatiya Forumu (ADF) və digər nüfuzlu tədbirlər daxildir. Bu tədbirlərdə yüksək səviyyəli dövlət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik missiyaların nümayəndələri, tanınmış siyasi, elmi, mədəni xadimlər və ekspertlər iştirak etmişlər.

Onun prezidentliyi dövründə Fond tərəfindən türk mədəniyyəti, tarixi, incəsənəti, musiqisi və irsinin beynəlxalq səviyyədə qorunması, öyrənilməsi və təbliği məqsədilə çoxsaylı konfranslar, seminarlar, dəyirmi masalar, sərgilər, konsertlər və digər yüksək səviyyəli tədbirlər həyata keçirilmişdir.

G.Əfəndiyeva yerli və beynəlxalq mediada dərc olunmuş çoxsaylı məqalələrin və nəşrlərin müəllifidir. O, göstərdiyi xidmətlərə görə bir sıra milli və beynəlxalq diplomlara, sertifikatlara və medallara layiq görülmüşdür.