Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ, “QƏDİM İNSAN MƏSKƏNLƏRİNİN MÜHAFİZƏSİ: TƏHDİDLƏR VƏ MÜASİR YANAŞMALAR” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANSIN II GÜNÜNDƏ ÇIXIŞ EDİB

15.03.2025 23:30

Martın 15-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Qədim insan məskənlərinin mühafizəsi: Təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransın II günü keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoty Raimkulova konfransda çıxış edib və  türk xalqlarının keçmişi, mənəviyyatı və ortaq tarixi ilə bağlı anlayışın və mənbələrin formalaşmasının yalnız qədim yaşayış məskənlərin araşdırılması ilə mümkün olacağına diqqət çəkib.

Aktotı Raimkulova bildirib ki, bu istiqamətdə görülən işlərə dəstək məqsədilə “Türk Dünyası Bərpaçılar, Tarixçilər və Memarlar Assosiasiyası” məhz Fond tərəfindən yaradılıb. O, gələcəkdə Assosiasiya ilə birgə iclaslar və elmi-praktik konfransların keçiriləcəyini də vurğulayıb. Bildirib ki, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə ən vacib məsələlərdən biri mövcud məlumatların rəqəmsallaşdırılmasıdır və Fond bu sahədə ciddi addımlar atır. Bu kontekstdə çoxdilli Türk mədəni irsi kataloqunun hazırlanması yaxın gələcək üçün prioritet planlardan biridir.

Həmçinin, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Mədəniyyət İnstitutunun prezidenti Saad S.Xan, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyev, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini Vəli Baxşəliyev konfransla bağlı digər maraqlı mövzulara toxunublar.

Tədbir sual-cavab sessiyası ilə davam edib.