Geriyə
TÜRK MƏDDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ AMEA-NIN RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASINDA İŞTİRAK EDİB
20.12.2024
17:47
20 dekabr 2024-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da iştirak edib. Həmçinin AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü professor Həsən Həsənov, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
İclasda müzakirə olunan ən vacib və ilk məqam Türk Mədəniyyəti və İrsi Fondunun UNESCO-nun Baş Qərargahında keçirilən “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divani lüğət-it-türk” əsərinin 950 illik yubileyi”nə həsr edilmiş beynəlxalq konfransda iştirakı ilə əlaqədar Fransa Respublikasına səfərinin nəticələri haqqında olub.
Akademik İsa Həbibbəyli öz çıxışında dünya siyasətinin hazırkı vəziyyətini nəzərə alaraq belə bir zamanda Türk dünyasına aid bir məsələnin UNESCO səviyyəsinə çıxarılmasının necə çətin və əziyyətli bir iş olduğunu vurğulayaraq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və onun prezidenti Aktotı Raimkulovanın səylərini yüksək qiymətləndirib, minnətdarlığını bildirib. Həmçinin Azərbaycan elminin inkişaf səviyyəsinin Avropanın mərkəzindən, UNESCO-nun Baş Qərargahında bütün dünyaya nümayiş etdirildiyini bildirib. AMEA rəhbəri əldə olunan bu uğurun bütün Türk dünyasına aid olduğunu vurğulayıb.
O qeyd edib ki, “Divanü lüğat-it-türk” əsərinin 950 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans dörd bölmə üzrə təşkil olunub, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO yanında Daimi Nümayəndəlikləri, eləcə də avropalı türkoloqlar iştirakçılar arasında idi.
Təqdimatda Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyevin, professor Həsən Həsənovun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin, filologiya üzrə fəlsəfə doktoru Vəfa Abdullayeva-Nəbiyevanın, həmçinin Türkiyə, Fransa, Hollandiya, Qazaxıstan, Qırğızıstan və s. ölkələrdən alimlərin çıxışları dinlənilib, deyə davam edib.
AMEA-da hazırlanan nəşrin UNESCO səviyyəsində təqdimatının keçirilməsinin Elmlər Akademiyasının 80 illik tarixindəki ən əlamətdar hadisələrdən biri olduğunu deyən akademik İsa Həbibbəyli Türk Mədəniyyəti və İrsi Fondu ilə olan əməkdaşlığından məmnunluq və sevinc hissi duyduğunu bildirib, gələcəkdə belə layihələrdə həmişə “çiyin-çiyinə” olmağı arzu edərək bir daha Fonda öz minnətdarlığını dilə gətirib.
Fondun prezidenti Aktotı Raimkulova qurumun 2024-cü il ərzindəki fəaliyyəti barədə məlumat verib, Fondun qət etdiyi inkişaf yolunun ən mühüm nüanslarını xüsusilə vurğulayıb. Xüsusi əhəmiyyət kəsb edən uzun müddət birlikdə hazırlanan, Fondun ən böyük və vacib layihələrindən biri olan "Divani Lügət-it-Türk"ə həsr olunmuş konfrans bu nüansların ən başlıcasıdır.
“13 dekabr 2024-cü il şübhəsiz ki, tarixdə xüsusi yer tutacaq. Məhz o gün biz "Divani Lügət-it-Türk" ün dünya mədəniyyətinə, eləcə də türk xalqlarının dilinin və mədəni irsinin inkişafına əvəzsiz töhfəsini vurğulamaq üçün Fransanın Paris şəhərində UNESCO-nun mərkəzi qərargahında bir araya gəldik”.
Aktotı Raimkulova daha sonra öz çıxışında türk mədəniyyəti və irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində AMEA-nın zəhmətlərini vurğulayıb və dərin minnətdarlığını bildirib
“Bizim üçün böyük şərəfdir ki, çox hörmətli akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyası, Fondun fəaliyyətində fəal iştirak edir”.
Sonda akademik İsa Həbibbəyli çıxış edərək ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələr və müasir dünya elminin çağırışlarından irəli gələrək AMEA-nın fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyini bildirib.