Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ TÜRKİYƏNİN AZƏRBAYCANDAKİ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİ İLƏ GÖRÜŞDÜ

03.04.2025 12:30

3 aprel 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə bir araya gəlib.

Görüş zamanı Fondun qurucu dövlətlərindən biri olan Türkiyə Respublikasının Türk dünyasının zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi işlər, eləcə də bu fəaliyyətin daha da inkişaf etdirilməsi müzakirə edilib.

Tərəflər arasında əməkdaşlığın genişləndirilməsinin və gələcək tədbirlər planında birgə fəaliyyətin qurulmasının əhəmiyyəti vurğulanıb. Səfir Birol Akgün, dünyada baş verən hadisələr fonunda Türk xalqlarının həmrəyliyinin vacibliyinə toxunaraq, Türk Mədəniyyəti və İrsi Fondunun bu birliyin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Görüş, mədəniyyət və irs sahəsində ortaq layihələrin həyata keçirilməsi, eləcə də Türk dünyasının mədəni dəyərlərinin qlobal miqyasda tanıdılması ilə bağlı gələcək planlar ətrafında aparılan müzakirələrlə yekunlaşıb.