TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN TƏŞKİLATÇILIĞI İLƏ QIRĞIZISTANDA “RUH SANAT” BEYNƏLXALQ FESTİVALI KEÇİRİLİB
1 avqust 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində “Ruh Sanat” Beynəlxalq ənənəvi mədəniyyət və musiqi festivalının təntənəli açılış mərasimində iştirak edib. Avqustun 1-dən 3-ə kimi davam edən qlobal miqyaslı tədbir Türk Mədəniyyəti və İrsi Fondu, Qırğız Respublikası Nazirlər Kabineti, Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi, Qırğızıstan Milli Elmlər Akademiyasının Ənənəvi Mədəniyyət və İncəsənət üzrə Elmi-Tədqiqat Mərkəzi, “Manas” Milli Teatrının təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirin açılışında həmçinin Qırğız Respublikasının baş naziri Adılbek Kasımalıyev, Nazir müavini Edil Baysalov, Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri Mirbek Membataliyev, ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafar-zadə, İİCAS-ın direktoru Evren Rutbil, eləcə də dövlət adamları, incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər.
Festivalın əsas məqsədi zəngin dünya qeyri-maddi mədəni irsini nümayiş etdirmək, beynəlxalq mədəni dialoqu möhkəmləndirmək və autentik ənənələrin qorunmasına töhfə verməkdir. Proqram çərçivəsində beynəlxalq ənənəvi musiqi müsabiqəsi, elmi-praktik konqres və yaradıcı yarmarka təşkil olunub.
Builki festival 30-dan çox ölkədən 100-dən artıq incəsənət nümayəndəsini və tədqiqatçını bir araya gətirib. Beynəlxalq musiqi müsabiqəsində Yaponiya, Hindistan, Macarıstan, Qvineya və digər ölkələrdən 9 solo ifaçı və 12 kollektiv iştirak edib. İştirakçıları 7 beynəlxalq ənənəvi incəsənət eksperti qiymətləndirib, qaliblərə fəxri diplomlar və pul mükafatları təqdim olunub. Festivalın ən yaddaqalan çıxışlarından biri isə Türk dünyasının unikal mədəniyyət səfiri, "TURAN" etno-folklor qrupunun konserti olub.
Festivalda Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə qatılan musiqiçilər fəal iştirakı ilə seçilib, beynəlxalq səviyyəli alimlər elmi-praktik konqresin müzakirələrinə qoşulublar. Tədbir sənət və elmin birgə fəaliyyətinin mədəni irsin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını nümayiş etdirən nüfuzlu platformaya çevrilib.