Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN NÜMAYƏNDƏSİ ADA UNİVERSİTETİNDƏ KEÇİRİLƏN DƏYİRMİ MASADA İŞTİRAK EDİB

17.02.2026 12:51

17 Fevral 2026-cı il tarixində, Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyi, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) və ADA Universitetinin Beynəlxalq Dialoq və İnkişaf Mərkəzi (IDD)  tərəfindən birgə təşkil olunan “Xəzər böhranı: səbəblər, nəticələr və həll yolları” mövzusunda dəyirmi masada keçirilib. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova iştirak edib.

Tədbir çərçivəsində Xəzər dənizində müşahidə olunan ekoloji dəyişikliklər, su səviyyəsinin azalması, biomüxtəlifliyin qorunması, enerji və nəqliyyat dəhlizləri üçün strateji əhəmiyyəti, eləcə də region ölkələri arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyi ətrafında geniş müzakirələr aparılıb.

Çıxışlar zamanı Xəzərin yalnız ekoloji deyil, həm də mədəni və tarixi irs baxımından da mühüm əhəmiyyət daşıdığı vurğulanıb, ortaq təbii irsin qorunması istiqamətində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin zəruriliyi qeyd olunub.

Tədbir Xəzər regionunda davamlı inkişafın təmin edilməsi, mövcud çağırışlara qarşı birgə həll mexanizmlərinin formalaşdırılması və bu istiqamətdə beynəlxalq dialoqun genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.