Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU AZƏRBAYCANIN ELMİ VƏ MƏDƏNİ QURUMLARI İLƏ ƏMƏKDAŞLIĞINI GENİŞLƏNDİRİR

23.02.2026 16:18

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Azərbaycanın aparıcı elmi və mədəni qurumlarında bir sıra görüşlər keçirib.

Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən görüş zamanı Fondun prezidenti professor Aktotı Raimkulova ilə Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektiv istiqamətləri müzakirə olunub.

Söhbət zamanı 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə və təntənəli şəkildə qeyd edilməsi məsələsi xüsusi diqqət mərkəzində olub. Yubiley tədbirləri çərçivəsində Fondun fəal iştirakının təmin olunması, eləcə də birgə elmi və mədəni təşəbbüslərin irəli sürülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra Fondun prezidenti Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova ilə görüşüb. Görüşdə türk xalçaçılıq sənətinin qorunması, elmi əsaslarla tədqiqi və beynəlxalq miqyasda daha geniş şəkildə təbliği istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər, həmçinin Avropa muzeylərində saxlanılan türk xalça nümunələrinin bərpasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə edərək, bu sahədə koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıblar.

Görüşlər qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçib, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi əsas prioritet kimi qəbul edilib.