TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN MƏNZİL-QƏRARGAHINDA TƏŞKİLATIN PREZİDENTİ İLƏ XOCA ƏHMƏD YƏSƏVİ ADINA BEYNƏLXALQ QAZAX-TÜRK UNİVERSİTETİNİN REKTORU ARASINDA GÖRÜŞ KEÇİRİLİB
5 fevral 2026-cı il tarixində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin (Qazaxıstan) rektoru Janar Temirbekova Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə görüşüb.
Görüşün əsas məqsədi ali təhsil və elmi-humanitar sahədə əməkdaşlığın genişləndirilməsi, xüsusilə klassik təhsil ənənələri əsasında formalaşan gənc türkoloqların hazırlanması və onların peşəkar inkişafının dəstəklənməsi istiqamətində mümkün birgə təşəbbüslərin müzakirəsi olub.
Tərəflər Türk dünyasının ortaq tarixi-mədəni irsinin elmi müstəvidə araşdırılması, bu sahədə kadr potensialının gücləndirilməsi və akademik mübadilə proqramlarının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı tələbə və gənc tədqiqatçılar üçün birgə təhsil və təcrübə proqramlarının təşkili, elmi seminarlar, yay məktəbləri və müştərək layihələr vasitəsilə türkoloji tədqiqatların inkişaf etdirilməsi imkanları da diqqət mərkəzində olub.
Sonda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın gələcək mərhələlərdə daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb, institusional əlaqələrin davam etdirilməsinə hazır olduqlarını ifadə ediblər.