Geriyə
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN NƏŞRİ 8-Cİ MERZİFON KİTAB SƏRGİSİNDƏ TƏQDİM EDİLİB
18.05.2025
14:15
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Türkiyədə 8-ci Merzifon Kitab Sərgisində Fəxri Qonaq statusunda iştirak edir. Həmçinin Türk Mədəniyyəti və İrsi Fondu qurucu üzv dövlətlərindən olan Azərbaycanın stendində öz nəşrlərini sərgiləyir.
Fuarda keçirilən tədbirlər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə nəşri olan Xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri oxuculara təqdim olunub. Yada salaq ki, görkəmli Türk şairi Hüseyn Nihal Atsızın xatirəsinə həsr olunan bu əsər Göytürklərin tarixindən bəhs edir. Kitab Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə bu il 100 illik yubileyi qeyd olunan şairin yuvarlaq doğum günü münasibəti ilə Azərbaycan və Türk dillərində işıq üzü görüb. Pyes Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın əsər haqqındakı “Tarixdən alınan ibrət dərslərimiz” adlı əhatəli Ön sözü ilə açılır.
Qeyd etdiyimiz kimi, 8-ci Merzifon Kitab Sərgisində çoxsaylı oxucuların iştirakı ilə adı çəkilən kitabın geniş təqdimat mərasimi baş tutub. Təqdimat mərasimində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycanın istiqlal şairi olduğunu, hər zaman Türk dilinin qorunması, ortaq tarixinin təbliği ilə bağlı çalışdığını, ən əsası isə Türk Birliyinə həsr olunmuş çoxsaylı dəyərli əsərlər qələmə aldığını xatırladıb.
Daha sonra təşkilatın əməkdaşı Fərid Hüseyn çıxış edərək Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Respublikası prezidentinin təşəbbüsü, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçılarının dəstəyi ilə yaradıldığını və Türk mədəniyyətini, dilini, tarixi irsini beynəlxalq müstəvidə tanıdan bir təşkilat olması barədə, qurumun çoxsaylı beynəlxalq layihələri xüsusunda tədbir iştirakçılarına geniş məlumat verib. Fondun hər zaman yubileyi qeyd olunan Türk Dünyasının söz və fikir adamlarının irsinə qarşı yüksək həssaslıqla yanaşdığını və Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərinin nəşrinin də bunun ən bariz təzahürü olduğunu qeyd edən F.Hüseyn bu əsərin möhtəşəm tarixi irsimizə, milli kimliyimizə sahib çıxmaq, onları qorumaq üçün ən dəqiq yolgöstərən, mənəvi bir mayak olduğunu bildirib. Əsərin süjeti və təhlili haqqında da danışan Fərid Hüseyn bu pyesin gələcək əsrlərdə də öz aktuallığını itirməyəcəyinə, əksinə dəyişən zamanlarla bərabər yeni-yeni mənalar qazanacağına inamını ifadə edib.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamın ədibin irsinin təbliği baxımdan geniş və müstəsna imkanlar yaratdığını bildirən F.Hüseyn Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin bu sərəncamdan irəli gələn məsələlər əsasında görkəmli şairin irsinin təbliği və adının əbədiləşdirilməsi, əsərlərinin yenidən səhnə həyatı qazanması istiqamətində çoxsaylı əhəmiyyətli layihələr icra etdiyini tədbir iştirakçılarının diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova da çıxışında “Özümüzü kəsən qılınc” əsərinin bədii-tarixi əhəmiyyətindən danışıb və bu kitabın Türk dünyasının gənclərinin mənəvi inkişafı üçün çox əhəmiyyətli olduğunu dilə gətirib. Azərbaycan ədəbiyyatında Türk Birliyi ideyasının tarixindən, istiqlal düşüncələrin əhəmiyyətindən bəhs edən T.Bədəlova Bəxtiyar Vahabadəni Türk dili, azadlığı və sair mövzular baxımından onu dahi Nizami Gəncəvinin yaradıcılıq yolunun davamçısı adlandırıb.
Sonda natiqlər tərəfində tədbir iştirakçıların sualları cavablandırılıb və oxuculara kitablar hədiyyə edilib.
_________________________________________________________________________________