BU TARİXİ HADİSƏNİN ANILMASI VƏ ONUN İRSİNİN YAŞADILMASI İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR OLDUQCA DƏYƏRLİDİR
“Birinci Türkoloji Qurultayın 100-cü ildönümü yaxınlaşarkən bu tarixi hadisənin anılması və onun irsinin yaşadılması istiqamətində görülən işlər olduqca dəyərlidir”.
Bu sözləri Türk Mədəniyyəti və İrsi Fondu və Baku TV-nin birgə hazırladığı Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan layihə çərçivəsində şair, Beynəlxalq İstanbul Ədəbiyyat Festivalının rəhbəri Adnan Özər deyib. Şair ədəbi çevrələrdə türkoloji araşdırmaların daha da intensivləşməsinin faydalı olacağını vurğulayıb. Adnan Özər həmçinin qeyd edib ki, türk dünyası üçün ortaq ədəbi dilin formalaşdırılması vacib məsələlərdən biridir.
Onun sözlərinə görə, bu istiqamətdə ilk ciddi addımlar məhz Birinci Türkoloji Qurultayda atılıb və latın əlifbasına keçid bu baxımdan tarixi əhəmiyyət daşıyır. Şair həmçinin türk dilinin tarixi və şifahi irsinin sistemli şəkildə araşdırılmasına təxirə salınmadan başlanmasının zəruriliyini diqqətə çatdırıb.