Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU TÜRKİYƏDƏ 8-Cİ MERZİFON KİTAB SƏRGİSİNDƏ TƏMSİL OLUNUR

18.05.2025 13:58
 
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Türkiyədə 8-ci Merzifon Kitab Sərgisində Fəxri Qonaq statusunda iştirak edir. Həmçinin Türk Mədəniyyəti və İrsi Fondu qurucu üzv dövlətlərindən olan Azərbaycanın stendində öz nəşrlərini sərgiləyir.
Tədbirin rəsmi açılışında bələdiyyə başçıları Turgay Sevindi, Alp Kargı, Zehra Özyol, Ömer Özalp, millət vəkilləri Yaşar Tüzün, Reşat Karagöz, Mehmet Tahtasız, Ramiz Topal və sair tanınmış dövlət rəsmiləri açılışa qatılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkələrin siyasi-ictimai, mədəni-ədəbi əlaqələri haqqında əhatəli çıxış edib.
Daha sonra dövlət rəsmiləri Fəxri Qonaq olan Azərbaycanın stendini ziyarət ediblər. Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Fərid Hüseyn ziyarətçilərə Fondun fəaliyyəti və nəşrləri barədə əhatəli məlumat verib. Sonra qonaqlara Fondun üç il öncə Türkiyədə baş vermiş dəhşətli zəlzələ qurbanlarına həsr olunmuş, Türk dünyası şairlərinin şeirlərindən ibarət “Səninləyik Türkiyə” kitabı və görkəmli türk yazıçısı Hüseyn Nihal Atsızın xatirəsinə həsr olunmuş, qədim Göytürklərin tarixindən bəhs edən, Azərbaycan və türk dillərində olan Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” pyesi hədiyyə edilib.
Fondun icra etdiyi beynəlxalq layihələr və fundamental nəşrlər barədə gün boyunca Azərbaycan stendini ziyarət edən qonaqlara geniş məlumat verilib, Türk dünyası, tarixi və mədəniyyəti ilə bağlı araşdırma aparan elm və mədəniyyət adamlarına təşkilatın çap etdiyi kitablar hədiyyə olunub
Qeyd edək ki, Fondun əməkdaşı Fərid Hüseyn 8-ci Merzifon Kitab Fuarının seçmə yazıçılarından biri kimi oxuculara təqdim olunub və onun oxucularla görüşü nəzərdə tutulub.