TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ AKTOTI RAİMKULOVA BAKI İQLİM FƏALİYYƏTİ HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ “DAYANIQLI MODA” TƏDBİRİNDƏ İŞTİRAK EDİB
8 sentyabr 2026-cı il tarixində, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2026) çərçivəsində “Dayanıqlı moda” mövzusunda dəyirmi masa və moda nümayişi keçirilib.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Azərbaycanın dövlət və ictimai xadimləri, Azərbaycandan və Avropadan moda sənayesinin nümayəndələri, beynəlxalq ekspertlər və dizaynerlər iştirak ediblər
Tədbirin əsas məqsədi moda sənayesində dayanıqlılıq prinsiplərinin təşviqi, iqlim dəyişikliyinin yaratdığı çağırışların müzakirəsi, eləcə də dizaynerlərin bu istiqamətdə hazırladıqları yaradıcı və innovativ həllərin təqdim olunması olub.
Dəyirmi masanın açılış çıxışını edən Milli Məclisin deputatı, COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu və BCAW layihəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, tədbirin məqsədi yalnız moda sənayesində mövcud çağırışları müzakirə etmək deyil, həm də dizaynerlərin iqlim dəyişikliyi ilə bağlı baxışlarının və dayanıqlı həll yollarının nümayişidir.
Rəsmi spiker qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova ekologiya və dayanıqlı dizayn məsələlərinin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Türk sivilizasiyasının mədəni irsi təbiətə hörmət və ekoloji dəyərlər üzərində formalaşıb. Bu gün burada səsləndirilən dəyərli ideyaları eşitmək mənim üçün vacibdir”, – deyə professor Aktotı Raimkulova qeyd edib.
Fondun prezidenti türk xalqlarının ənənəvi mədəniyyətində mövcud olan “Qurama” sənətini nümunə göstərərək, müxtəlif parça qalıqlarının və artıq materialların yeni sənət nümunələrinə çevrilməsinin əsrlər boyu davam edən bir ənənə olduğunu qeyd edib. Onun sözlərinə görə, bu ənənə müasir “sıfır tullantı” (zero waste) yanaşması ilə səsləşir və türk mədəni irsinin müasir ekoloji çağırışlar kontekstində yeni əhəmiyyət qazandığını nümayiş etdirir.
Dəyirmi masanın ardınca “Sustainable Fashion Show” – Dayanıqlı Moda Nümayişi keçirilib. Nümayişdə dayanıqlılıq, təbiət və iqlim mövzuları müxtəlif dizayn həlləri vasitəsilə yaradıcı şəkildə əks etdirilib.