TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU
Tarix
Fondun yaranma tarixi
Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikasının Prezidentlərinin dəstəyi ilə yaradılmışdır. Fond beynəlxalq təşkilat statusuna malikdir.
Fondun Nizamnaməsi 2012-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (hazırda Türk Dövlətləri Təşkilatının) Bişkek şəhərində təşkil olunan Zirvə görüşündə qəbul edilmişdir. Fond faktiki fəaliyyətinə 2015-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə Qəbul edən ölkə haqqında Sazişin imzalanmasından sonra başlamışdır. Fondun qərargahı Bakı şəhərində yerləşir.
2021-ci ilin sonunda üzv dövlətlərin Fondun büdcəsinə məcburi üzvlük haqlarının bölgüsünü müəyyən edən Protokol iştirakçı ölkələr tərəfindən təsdiq edildikdən sonra, Fond 2022-ci ildə beynəlxalq təşkilat kimi tam fəaliyyətə başlamışdır. Həmin ildə üzv dövlətlər ilk dəfə olaraq Fondun beynəlxalq kadr tərkibinin formalaşdırılması məqsədilə təşkilata nümayəndələrini ezam etmişlər.
2025-ci ilin may ayında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü (Budapeşt şəhəri) çərçivəsində Özbəkistan Respublikasının Fonda tamhüquqlu üzv kimi qoşulması barədə qərar qəbul edilmişdir.
Qeyd etmək lazımdır ki, Macarıstana 2019-cu ildə müşahidəçi ölkə statusu verilmiş, Türkmənistan isə 2025-ci ildə müşahidəçi statusu əldə etmişdir.
Fondun prezidentləri əlifba sırası ilə hər üzv dövlətdən 4 il müddətinə təyin olunur. Fondun ilk prezidenti, Azərbaycan Respublikasının vətəndaşı xanım Günay Əfəndiyeva 2015–2023-cü illərdə bu vəzifədə fəaliyyət göstərmişdir.
Türk Mədəniyyəti və İrsi Fondunun hazırkı prezidenti Qazaxıstan Respublikasının vətəndaşı Prof. Dr. Aktoty Raimkulovadır. O, 3 noyabr 2023-cü il tarixində Astana şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü çərçivəsində Türk dövlət başçılarının qərarına əsasən bu vəzifəyə təyin edilmişdir.
Fondun mandatı
Nizamnaməyə əsasən, Fondun əsas məqsədləri türk mədəniyyəti və irsinin qorunması, öyrənilməsi və təşviqi məqsədilə müxtəlif tədbir, layihə və proqramların dəstəklənməsi və maliyyələşdirilməsidir.
Bu məqsədlərə nail olmaq üçün Fond:
- Türk mədəniyyəti və irsinin qorunması, mühafizəsi, bərpası və təşviqinə yönəlmiş təşəbbüsləri maliyyələşdirir;
- Türk mədəniyyəti və irsinin qorunması, bərpası və təşviqi ilə bağlı elmi-texniki məsələlərin həllini dəstəkləyir;
- Bu sahədə mütəxəssislərin hazırlanmasına töhfə verir;
- Seminarlar, ustad dərsləri, konfranslar, konqreslər, sahə tədqiqatları və sərgilər təşkil edir;
- Elektron və çap elmi nəşrlərin hazırlanmasına köməklik göstərir;
- Müsabiqələr, festivallar, turnirlər və digər tədbirlərə sponsorluq edir;
- Türk xalqlarının yaşadığı regionlarda ənənəvi sənətkarlığın və tətbiqi incəsənətin dirçəldilməsi, qorunması və inkişafını dəstəkləyir;
- Sənətkarların, rəssamların və digər yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına yardım edir.
Fond, Türk əməkdaşlıq təşkilatları arasında (TDT, TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk İnvestisiya Fondu) türk dünyasının zəngin mədəni irsinin qorunması, elmi tədqiqi, bərpası və beynəlxalq səviyyədə təşviqi, eləcə də türk dövlətləri arasında mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi sahəsində əsas institutlardan biri kimi çıxış edir.
The objectives of the Foundation are to protect, study and promote the Turkic culture and heritage through supporting and funding activities, projects and programs.