Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU BEYNƏLXALQ ƏMƏKDAŞLIQ ƏHATƏSİNİ GENİŞLƏNDİRİR: TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU İLƏ İSLAM SİVİLİZASİYASI MƏRKƏZİ ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB

10.04.2026 17:33

10 aprel 2026-cı il tarixində Daşkənd şəhərində Əmir Teymurun irsinə həsr olunmuş beynəlxalq elmi konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış İslam Sivilizasiyası Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova və İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxaliqov imzalayıblar.

Memorandum türk dünyasının mədəni irsinin və İslam ənənələrinin beynəlxalq səviyyədə təbliği və tanıdılması istiqamətində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Tərəflər birgə mədəni-elmi tədbirlərin, sərgi və forumların təşkili, eləcə də təhsil proqramlarının və elmi tədqiqat təşəbbüslərinin inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Sənəddə, eyni zamanda, ortaq nəşrlərin hazırlanması, qarşılıqlı təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, həmçinin hər iki tərəf üçün maraqlı olan digər sahələrdə əməkdaşlığın reallaşdırılması nəzərdə tutulur.