TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ TDT-NİN XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ İCLASINDA ÇIXIŞ EDİB
29 oktyabr 2026-cı il tarixində Ankara şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü çərçivəsində keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.
Çıxışı zamanı Fondun prezidenti professor Aktotı Raimkulova Türk dünyasının ortaq mədəni irsinin qorunmasının və təbliğinin vacibliyini vurğulayıb. O, Fondun fəaliyyətinin əsas nəticələrini təqdim edərək türk xalqlarının zəngin tarixi-mədəni irsinin öyrənilməsi və tanıdılmasına yönəlmiş layihələr haqqında məlumat verib.
Rəqəmsal Türk İrsi Platformasının inkişafına, mədəni sərvətlərin hüquqi müdafiəsi sahəsində görülən işlərə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Son illər ərzində Fond tərəfindən mədəni irsin qorunması, nəşriyyat fəaliyyəti, sərgilərin təşkili və mədəni mübadilənin inkişafını əhatə edən 200-dən çox layihənin həyata keçirildiyi qeyd edilib.
Professor Aktotı Raimkulova çıxışının sonunda Azərbaycanın TDT-yə sədrliyinin uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb və Türk dünyasında əməkdaşlığın inkişafına töhfə verən hər kəsə təşəkkürünü bildirib.