Geriyə

İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ TƏMİZ ENERJİ MƏRKƏZİNİN İCRAÇI DİREKTORU İLƏ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB

24.07.2026 17:59

24 iyul 2026-cı il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edərək təşkilatın prezidenti, professor Aktotı Raimkulova ilə görüşüb.

Professor Aktotı Raimkulova qonağa Türk Mədəniyyəti və İrsi Fondunun məqsəd və vəzifələri, həyata keçirdiyi beynəlxalq layihələr, eləcə də türk dünyasının zəngin mədəni və tarixi irsinin qorunması, tədqiqi və beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib. O, Fondun regional və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini, bu əməkdaşlığın davamlı və inklüziv inkişaf məqsədlərinə xidmət etdiyini bildirib.

Müzakirələr çərçivəsində iqlim dəyişikliyi şəraitində mədəni irs obyektlərinin qorunması, bu sahədə təmiz enerji və enerji səmərəliliyi yanaşmasının tətbiqi, eləcə də ətraf mühit və mədəniyyət sahələrində regional əməkdaşlığın gücləndirilməsi kimi məsələlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər mədəni irsin müasir ekoloji siyasət və təşəbbüslərə inteqrasiyasının əhəmiyyətini vurğulayaraq, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.