Geriyə

AZƏRBAYCAN VƏ ÖZBƏKİSTANIN TƏŞƏBBÜSLƏRİ TÜRK DÜNYASININ MƏDƏNİ BİRLİYİNİ GÜCLƏNDİRİR

24.08.2026 17:06

23 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri başlayıb.

Səfər çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyev Prezident İlham Əliyevi ali dərəcəli “Dostluq” ordeni ilə təltif edib. Öz növbəsində, Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında müstəsna xidmətlərinə görə Prezident Şavkat Mirziyoyevi “Heydər Əliyev” ordeni ilə təltif edib.

Səfər proqramında 1947-ci ildən dahi şair Nizami Gəncəvinin adını daşıyan (şairin 800 illik yubileyi münasibətilə) Milli Pedaqoji Universitetin yeni kampusunun açılış mərasimi xüsusi yer tutub. Dövlət başçıları, həmçinin Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş muzey ekspozisiyası ilə tanış olub və Yangi Toshkentdə (Yeni Daşkənddə) “Azərbaycan” parkının təməlini qoyublar.

Səfər zamanı, həmçinin ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, turizm və digər sahələrdə birgə layihələr nəzərdən keçirilib və yeni layihələrə start verilib.

Türk dövlətləri başçılarının ortaq mədəni irsin beynəlxalq səviyyədə təbliğinə dair tapşırıqlarına uyğun olaraq, 2012-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılanTürk Mədəniyyəti və İrsi Fondu çoxsaylı mədəni layihələr həyata keçirir. Bu layihələr sırasında təqdimatı yaxın zamanda keçiriləcək Nizami Gəncəvinin 885 illiyinə və Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş nəşr də yer alır.

Qeyd edək ki, 2025-ci ilin may ayında Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan Respublikasının Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv dövlət kimi qoşulması barədə qərar qəbul edilib.