Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ “ƏNDİCAN – TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI 2026” AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK EDİB

24.06.2026 19:43

24 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Əndican şəhərində “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026”-nın  təntənəli açılış mərasimi keçirilib. Türk dünyasının zəngin mədəni irsini, ortaq dəyərlərini və xalqlar arasında mədəni əməkdaşlığı təşviq edən tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova iştirak edib.

Əndicana bu statusun verilməsi barədə qərar TÜRKSOY-un 2024-cü ildə Qazaxıstanın Aktau şəhərində keçirilmiş Daimi Şurasının iclasında qəbul edilib.

Mərasim Əndicanın Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi münasibətilə xüsusi olaraq inşa edilmiş “Babur Bağı” amfiteatrında təşkil olunub. Açılışda türk dövlətlərini təmsil edən 300-ə yaxın incəsənət nümayəndəsinin iştirakı ilə rəngarəng musiqi və rəqs nömrələri təqdim edilib. Tədbir il ərzində keçiriləcək çoxsaylı mədəni layihələrin, festivalların, sərgilərin və yaradıcılıq proqramlarının rəsmi başlanğıcı olub.

Tədbir çərçivəsində dünya miqyasında mühüm əhəmiyyət kəsb edən daha bir hadisə də baş verib. Özbək xalq rəqsi “Əndican polkası” dünyanın ən kütləvi milli rəqs ifası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Əndicandakı “Babur Arena” stadionunda eyni anda 20 min nəfərin iştirakı ilə nümayiş etdirilən rəqs yeni dünya rekordu kimi rəsmən qeydə alınıb. Ginnesin Rekordlar Kitabının rəsmi nümayəndəsi mərasimdə şəxsən iştirak edərək rekord cəhdinin müəyyən edilmiş bütün tələblərə tam uyğun həyata keçirildiyini təsdiqləyib və bundan sonra rekordun rəsmi qeydiyyata alındığını elan edib. Bu nailiyyət Özbəkistanın zəngin qeyri-maddi mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və türk xalqlarının mədəni dəyərlərinin təbliği baxımından mühüm hadisə kimi qiymətləndirilir.

Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən təşəbbüsləri bundan sonra da dəstəkləməyə, üzv və müşahidəçi ölkələr arasında mədəni əməkdaşlığın genişləndirilməsinə töhfə verməyə davam edəcək.