Geriyə

ŞUŞADA MEDİA VƏ MƏDƏNİ İRS DİALOQU: TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ IV ŞUŞA QLOBAL MEDİA FORUMUNDA İŞTİRAK EDİR

13.07.2026 14:06

13 iyul 2026-cı il tarixində, Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. Bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan Forum qlobal informasiya məkanında aktual çağırışların müzakirə edildiyi mühüm beynəlxalq platformadır.

Tədbirdə dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Eləcə də 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkət təmsil olunur.

Forumda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova da iştirak edir. Türk dünyasının ortaq mədəni irsinin qorunması, bərpası və beynəlxalq səviyyədə təbliği istiqamətində ardıcıl fəaliyyət göstərən Türk Mədəniyyəti və İrsi Fondu, mədəni irsin sülhün, qarşılıqlı anlaşmanın və dayanıqlı inkişafın mühüm təməli olduğunu daim önə çəkir.