BAKIDA TARİXİ QƏRAR: TÜRK DÜNYASI BƏSTƏKARLARININ VAHİD BİRLİYİ YARADILDI
19 sentyabr 2026-cı il tarixində Bakıda Türk Dövlətlərinin aparıcı musiqi qurumlarının nümayəndələri Turkic Union of Composers (TUC) – Türk Dünyası Bəstəkarlar Birliyini əsasını qoydular.
Tarixi qərar bəstəkarlar, musiqişünaslar, ifaçılar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsasını qoyan Bakı Bəyannaməsinin imzalanması ilə rəsmiləşdirildi.
TUC-un yaradılması Qurultayın əsas hadisəsinə çevrildi. İlk dəfə olaraq türk ölkələrinin bəstəkarları arasında əməkdaşlıq vahid institusional əsas və uzunmüddətli beynəlxalq platforma qazandı, eyni zamanda türk dünyasının musiqi tarixində yeni səhifə açdı: ortaq mədəni irsdən birgə yaradıcılığa və dünya səhnəsində vahid səslənməyə doğru.
“Biz türk xalqlarının zəngin irsinin yeni əsərlərin, peşəkar əməkdaşlığın və beynəlxalq mədəni dialoqun mənbəyinə çevriləcəyi canlı musiqi məkanı yaratmağa çalışırıq. Bakıda keçirilən ilk Qurultay və Turkic Union of Composers-in (TUC) yaradılması türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açır”, – deyə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova qeyd edib.
TUC türk dünyasının yaradıcı potensialını birləşdirmək, müasir bəstəkarlıq məktəblərini dəstəkləmək, yeni əsərlərin yaradılmasına töhfə vermək və türk xalqlarının musiqisini dünyanın ən nüfuzlu beynəlxalq səhnələrində təbliğ etmək məqsədi daşıyır.
TUC-un məhz dünya mədəniyyətinə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər dahi bəstəkarları bəxş etmiş, zəngin musiqi ənənələrinə malik Azərbaycanda yaradılması xüsusi rəmzi əhəmiyyət daşıyır.
1-ci Türk Dünyası Bəstəkarları Qurultayı 18–20 sentyabr 2026-cı il tarixlərində XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilir. Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO-nun Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası ilə birgə həyata keçirilir