Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNDA GÖRKƏMLİ QIRĞIZ YAZIÇISI, TÜRKSOY-UN BAŞ KATİBİ SULTAN RAYEVİN “DAŞQIN” ADLI KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

11.12.2024 21:30
9 dekabr 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında təşkilat tərəfindən çap olunan görkəmli qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” adlı kitabının təqdimat mərasimi keçirilib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbir iştirakçılarını salamlayaraq, Sultan Rayevin “Daşqın” romanının müasir qırğız ədəbiyyatının gözəl nümunəsi olduğunu və intellektual bir əsər olaraq dünyaya və gələcək nəsillərə ciddi mesajlar göndərdiyini bildirib.
Bundan əlavə təşkilatın fəaliyyəti barədə A. Raimkulova tədbir iştirakçılarına ətraflı məlumat verib: “İlk növbədə qeyd etmək istəyirəm ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının zəngin tarixinin və mədəniyyətinin qorunması, öyrənilməsi və beynəlxalq aləmdə təbliği sahəsində müxtəlif layihələr həyata keçirir. Fond bu il "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk dünyasının ədəbi inciləri", "Türk dünyasının elmi inciləri" adlı 3 kitab seriyası tərtib edib. Onu da qeyd etmək istəyirəm ki, XI əsrdə Türk dünyasının görkəmli alimi Mahmud Kaşğari tərəfindən qələmə alınmış və Türk dillərinin ilk ensiklopedik lüğəti olan "Divani Lüğət-it-Türk"ün yazılmasından 950 il keçir və bu əlamətdar hadisə 2024-2025-ci illərdə YUNESKO tərəfindən qeyd ediləcək yubileylər siyahısına daxil edilib. Türk Mədəniyyəti və İrsi Fondu, dekabr ayının 13-ü Parisdə YUNESKO-da "Divani Luğət-it-Türk"ə həsr olunmuş beynəlxalq konfrans təşkil edəcək”.
Respublikasının mədəniyyət naziri Adil Kərimli öz çıxışında Azərbaycan oxucularının qırğız ədəbiyyatına xüsusi marağını və Çingiz Aytmatov yaradıcılığına olan dərin rəğbətini qeyd edib: “Artıq ikinci dəfədir önəmli qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin kitabı Azərbaycan dilinə tərcümə olunur. Buna şahidlik etdiyimiz üçün böyük sevinc hissi duyuruq. Bu kitabı Azərbaycana qazandırdığı və hədiyyə etdiyi üçün Türk Mədəniyyəti və İrsi Fonduna minnətdarlığımızı bildiririk. Əminəm ki, Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu bundan sonra da birgə layihələrə imza atacaq və belə layihələrin sayı artacaq”.
Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Xalq Yazıçısı Çingiz Abdullayev, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Üzvü, Həsən Həsənov, Azərbaycan Yazıçılar Birliyinin katibləri - şair Səlim Babuloğlu və yazıçı İlqar Fəhmi, Milli Məclisin deputatları Cavanşir Feyziyev və Hikmət Babaoğlu, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, əsərin tərcüməçisi Rəbiqə Nazimqızı Sultan Rəevin “Daşqın” əsəri barədə öz fikirlərini bölüşdülər.
“Daşqın” əsərinin müəllifi Sultan Rayev çıxışında kitabın ərsəyə gəlməsində dəstəyi və əməyi keçən hər kəsə təşəkkür bildirib. “Bu əsər rus dilinə də tərcümə olunub, amma mənim üçün önəmli olan Azərbaycan dilinə tərcümə edilməsi idi. Çünki türk dilləri bizi doğmalaşdırır. Azərbaycan oxucularının mənim əsərimdən agah olması məni sevindirir”,- deyə Sultan Rayev vurğulayıb.
Daha sonra Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Hüsniyyə Mürvətova “Daşqın” romanından bir parçanı səsləndirib.
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseynin moderatorluğu ilə baş tutan tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin səfirləri, Türk Əməkdaşlıq Təşkilatlarının nümayəndələri, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonda yazıçı Sultan Rayev tədbir iştirakçılarına imzalı kitablarını hədiyyə edib.