Geriyə
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ AKTOTI RAİMKULOVA İSESCO-NUN AZƏRBAYCANDAKI REGİONAL OFİSİNİN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK EDİB
30.04.2025
20:30
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Bakıda yerləşən yeni regional ofisinin rəsmi açılış mərasimində iştirak edib.
Mərasimdə ISESCO-nun Bakı ofisinin rəhbəri cənab Əbdülhəkim Əlsənan çıxışından öncə Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı daha sonra isə digər qonaqları səmimi şəkildə salamlayıb.
Tədbirdə, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Anar Ələkbərov, Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Adil Kərimli, ISESCO-nun baş direktoru doktor Səlim bin Məhəmməd əl-Malik, Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti cənab İsa Həbibbəyli, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın Azərbaycandakı səfirləri, Azərbaycanın ictimai-siyasi xadimləri iştirak ediblər.
Tədbir təşkilatçılarının sözlərinə görə, yeni ofis Azərbaycanın və Mərkəzi Asiya regionundakı ISESCO-ya üzv ölkələrin fəaliyyətini əhatə edəcək, həmçinin təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığı və mükəmməllik ruhunu təşviq etməklə regionun digər ölkələrinin inkişafına da töhfə verəcək.
Ofisin açılması Türk Mədəniyyəti və İrsi Fondu üçün də əlamətdar hadisədir. Belə ki, ISESCO gələcəkdə türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliği məqsədi ilə həyata keçiriləcək strateji əməkdaşlıq çərçivəsində Fondun əsas tərəfdaşlarından biri kimi qiymətləndirilir.