Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN VƏ BAKI MUSİQİ AKADEMİYASININ BİRGƏ ƏMƏKDAŞLIĞI İLƏ NƏŞR OLUNAN “TÜRKDİLLİ ÖLKƏLƏRİN MİLLİ MUSİQİ ALƏTLƏRİ” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ

05.03.2025 11:14
Martın 5-də Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyində Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq çərçivəsində nəşr etdirdiyi "Türkdilli ölkələrin milli musiqi alətləri" adlı kitabın təqdimat mərasimi keçirilib.
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov çıxışına tədbirdə iştirak edən şəxsləri salamlayaraq başladı. O bildirdi ki, "Türkdilli ölkələrin milli musiqi alətləri" kitabı altı ölkənin musiqi adət-ənənələri haqqında yetərli məlumat verməklə yanaşı, bu xalqların özünəməxsus alətlərini də ehtiva edir. Kitab adıçəkilən ölkələrin musiqiçiləri, musiqişünasları və folklorçularının əməyi nəticəsində ərsəyə gəlib. Əlbəttə, çox xoş olardı ki, gələcəkdə kitabın əhatə dairəsi yalnız altı ölkə ilə məhdudlaşmayaraq Tatarıstan, Başqırdıstan, Tuva, Yakutiya kimi digər potensial türk dövlətlərinin musiqi alətləri ilə daha da genişləndirilsin.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova kitabla bağlı fikirlərini bildirməzdən əvvəl Fondun onun rəhbərliyi altında gördüyü işlərdən əsas məqamları vurğuladı və qeyd etdi ki, bu, sadəcə görülən işlərin çox kiçik bir hissəsidir. "Bizim məqsədimiz türk dünyasının zəngin mədəni irsini öyrənmək, qoruyub saxlamaq və gələcək nəsillərə ötürülməsini təmin etməkdir. Bu mənada bir sıra genişmiqyaslı layihələr həyata keçirmişik və təqdimatı keçirilən "Türkdilli ölkələrin milli musiqi alətləri" kitabı da belə layihələrdən biridir. Hələ 2023-cü ildən hazırlanmasına başlanılan bu kitab Fondun dəstəyi ilə keçən il işıq üzü görmüşdür. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan alimlərinin araşdırmaları kitabın ərsəyə gəlməsinə töhfə vermişdir", - deyə Fondun prezidenti əlavə etdi.
Azərbaycan Respublikası Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva qədim türk musiqi alətlərinin türk xalqlarının ulu keçmişinin yadigarları olduğunu bildirib. O vurğulayıb ki, bu layihənin əsas məqsədi zəngin türk musiqisinin yaşadılmasına, gələcək nəsillərə ötürülməsinə və müxtəlif dilli auditoriyalara çatdırılmasına töhfə verməkdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan Respublikasının xalq artisti, kitabın "Ön söz" müəllifi Fərhad Bədəlbəyli çıxışında bu layihənin türk birliyinin möhkəmləndirilməsinə, türkdilli xalqların zəngin ənənəvi musiqi irsinin araşdırılmasına, qorunub saxlanılmasına və dünyada tanıdılmasına mühüm töhfə verəcəyini bildirib. O qeyd edib ki, bizi birləşdirən əsas amil, hər şeydən öncə, "türkçülük" olmalıdır və belə qardaşlıq əlaqələrinin inkişafı üçün Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatların mövcudluğu əvəzsiz rol oynayır. Fondun gördüyü işlərdən məmnunluq və şərəf hissi duyduğunu bildirən Fərhad Bədəlbəyli layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.
Tədbirdə kitabın hazırlanmasında iştirak etmiş və Mərkəzi Asiyadan olan ekspertlərin - Qazaxıstan Respublikasının Əməkdar xadimi Saule Uteqaliyevanın, Özbəkistan Dövlət Konservatoriyasının sənətşünaslıq elmləri doktoru, professor Şoyista Qanixanovanın, Qırğızıstan Respublikasının Xalq artisti Roza Amanovanın, Maya Kuliyeva adına Türkmənistan Milli Konservatoriyasının "Musiqi tarixi" kafedrasının baş müəllimi və müdiri Bahargül Yaqubovanın videomüraciətləri dinlənilib.
Daha sonra çıxış edən Türkiyənin Osmaniyə Korkut Ata Universitetinin Memarlıq, Dizayn və İncəsənət fakültəsinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Meysər Kaya və Üzeyir Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə layihənin əhəmiyyətindən danışaraq onun türk xalqlarının mədəni irsinin qorunması və tanıdılmasına verdiyi töhfələri vurğulayıblar.
Tədbirin bədii hissəsində Türk musiqi dünyasının inciləri ifa olunub. Munis Şərifovun rəhbərlik etdiyi "Azərbaycan qədim musiqi alətləri ansamblı"nın təqdim etdiyi musiqi nömrələri, tanınmış opera müğənnisi, Əməkdar artist Ramil Qasımovun ifasında Üzeyir Hacıbəylinin "Sənsiz" romansı, Beynəlxalq müsabiqələr laureatı Nigar Cəfərovanın ifa etdiyi Fikrət Əmirovun "Azərbaycan elləri" mahnısı sürəkli alqışlarla qarşılanıb.
Təqdimat mərasimi azərbaycanlı və qazax musiqiçilərinin dombra, şankobız və jetıqen çalğı alətlərində "Aday" – döyüşkən qazax tayfası haqqında olan kompozisiyanın ifası ilə başa çatıb.