Geriyə

21-Cİ ANKARA KİTAB SƏRGİSİNDƏ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN XƏTTİ İLƏ İŞIQ ÜZÜ GÖRMÜŞ KİTABLARIN TƏQDİMATI KEÇİRİLDİ

05.12.2024 16:00
21-ci Ankara Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə işıq üzü görmüş kitabların – türk xalq musiqisi və aşıq ənənəsinin böyük təmsilçisi Aşıq Veysəlin yaradıcılığına dair məqalələr toplusu və yeni türk realist ədəbiyyatının görkəmli nümayəndələrindən Ömər Seyfəddinin “Hekayələr” kitablarının təqdimatı keçirilmişdir. Hər iki kitabda mətnlər türk dilində və onların alman dilinə tərcüməsində oxucuya təqdim edilmişdir.
Təqdimatda Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Dr. Fəxri Valehoğlu-Hacıyev, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyi nəzdində Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, sözügedən sərginin beynəlxalq fəxri qonaq yazarı – Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Türk Dil Qurumunun başqanı professor Osman Mert, Gazi Universitetinin professoru Fahri Atasoy, kitabların tərtibçisi – yazıçı-publisist Orxan Aras çıxış edərək təqdim olunan nəşrlərin əhəmiyyətinə toxunmuş, onların məzmunu barədə əhatəli nitq söyləmişlər.
Çıxışlarda türk xalqlarının ədəbi-mədəni irsinin türk dövlətləri xaricində təbliğinin önəmi qeyd olunmuş, bu xüsusda türk və alman dillərində bədii nümunələrdən və elmi məqalələrdən ibarət hər iki kitabın almandilli ölkələrin elmi-ədəbi mühitində, eləcə də həmin ölkələrdə yaşayan çoxsaylı türk diasporası arasında yayılmasının vacibliyi vurğulanmışdır. Eyni zamanda Türk Mədəniyyəti və İrsi Fondunun gələcəkdə də beynəlxalq miqyasda bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətində olduğuna diqqət çəkilərək, 2025-ci ildə Bakı şəhərində Aşıq Ələsgər irsinə həsr olunmuş Türk Dünyasının ozan-aşıq sənətinə dair beynəlxalq simpozium təşkil etməyi planlaşdırdığının anonsu verilmişdir.
Tədbirdə Türkiyə Respublikasının müdafiə nazirinin müavini Şuay Alpay və Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin və TÜRKSOY-un məsul əməkdaşları, tanınmış elm və mədəniyyət xadimləri, yazarlar və ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.